Kəmaləddin Heydərov: “Abşeronda çirkli torpaqların təmizlənməsi işlərini davam etdirəcəyik”

Noyabrın 6-da fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla Azərbaycanda səfərdə olan Niderland Krallığının infrastruktur və ətraf mühit naziri, xanım Melani Şults van Haegen-Maas Geesteranus arasında görüş olub. APA TV xəbər verir ki, Kəmaləddin Heydərov niderlandlı xanım nazirə Fövqəladə Hallar Nazirliyi (FHN), o cümlədən onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində sıx əməkdaşlığın mövcud olduğunu bildirib. Nazir hər iki qurum arasında, xüsusilə, su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib.

 

Sonra Kəmaləddin Heydərov və Melani Şults “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. Səfər çərçivəsində FHN-in bəzi qurumlarının fəaliyyəti ilə tanışlıq da nəzərdə tutulur.

 

Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda Niderlandın tanınmış şirkətləri fəaliyyət göstərir: "Bugünkü imzaladığımız niyyət protokolu gələcək işlərimizin davamını əks etdirir. Biz Abşeron yarımadasının çirkli göllərin təmizlənməsi böyük layihəsini, Bakı buxtasının təmizlənməsi, ölkənin su ehtiyatlarının dəqiqləşdirilməsi və gələcəkdə onlardan istifadəsi layihəsinin üzərində işləri davam etdiririk. Layihələr hazırdır, yaxın vaxtlarda onların icrasına başlanılacaq. Yəni əhalimiz də görür ki, Kür çayının sahilboyu yaşayan insanlara qurunt sularının verdyi əziyyətlər yoxdur. Bunu əhalimiz də görür".

 

Kəmaləddin Heydərov bildirib ki, Azərbaycanda iqtisadi inkişaf çox yüksək səviyyədə gedir və belə inkişaf olan ölkələrdə xüsusən təhlükəsizlik məsələlərinin təminatı mühüm yer tutur. Bu istiqamətdə ölkəmizdə iri layihələr həyata keçirilir: "Bu yaxınlarda Bakıda yeni liman açıldı. İllər uzunu şəhərin dəniz hissəsində yerləşən neftayırma zavodlarının torpağın altına vurduğu təsirlər aradan qaldırılmalıdır. Bu gün Bakı şəhərində dünyanın ən gözəl bulvarlarından biri yerləşir ki, onun torpaq sahəsinin, su sahəsinin əhalimizin istifadəsinə verilməsi mühüm məsələdir. Hansı ki, ölkə başçısı bizim qarşımıza mühüm bir məsələ qoyub".

 

Niderland Krallığının infrastruktur və ətraf mühit naziri bildirib ki, iki nazirlik arasında əlaqələrin və müştərək işlərin uğurla davam etməsinə görə çox şad olduğunu bildirib.

 

Melani Şults van Haegen-Maas Geesteranu isə deyib ki, 2 il öncə Azərbaycana səfər edərkən və indiki gəlişim zamanı əldə etdiyi təəssüratlar çox zəngin və heyratəmizdir: "Həqiqətən də sizin ölkənizdə iqtisadi inkişaf göz qabağındadır. Bilirsiniz ki, iqtisadi inkişaf həm geniş imkanlar yaradır, həm də bəzi problemlərin həllini tələb edir. Azərbaycanda olduğu kimi Niderlandda da su ehtiyatlarının düzgün idarə olunması, xüsusilə içməli su mənbələrinin təmin olunması, kənd təsərrüfatının su ilə təminatı vacib məsələdir. Əhalinin su ehtiyaclarının ödənilməsi və bu sahədəki bəzi problemlərin müəyyən edilərək həll olunması baxımından birgə iş birliyimiz mühüm əhəmiyyətə malikdir”.

 

Niderland Krallığından olan bir çox şirkətin artıq 4 ildir, Azərbaycanda fəaliyyət göstərdiyini deyən nazir bildirib ki, bu iş birliyi davam edəcək.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov