Kürdəmir rayonunda yaşayış evi yanıb
Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb. Evdə qalan nənə və nəvə yanğından son anda xilas edilib. APA TV-nin məlumatına görə, yanğın hadisəsi rayonun Köhünlü kəndində Ataş Şükürova məxsus evdə baş verib. Şahidlərin sözlərinə görə, yanğın qısa müddətdə güclənərək evi tamamilə əhatə edib. Hadisə zamanı evdə qalan nənə və nəvə yanğınsöndürənlər tərəfindən mənzildən çətinliklə də olsa, çıxarılıb. Lakin umumi sahəsi 225 kvadratmetr olan 4 otaqlı ev içəridəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsinin iki maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına elektirk naqilində baş verən qısa qapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.