"Qarabağ" bu dəfə uduzdu - 1:2
Azərbaycanın futbol üzrə Avropa Liqasındakı yeganə təmsilçisi "Qarabağ" növbəti oyununa çıxdı. Komandamız Bakıda Ukraynanın "Dnepr" klubunu qəbul etdi. F qrupunda mübarizə aparan Ağdam klubu 2 həftə əvvəl Kiyevdə minimal (0:1) hesabla məğlub etdiyi “Dnepr”ə bu dəfə qalib gələ bilmədi.
Oyunun əvvəli hakimin iki mübahisəli qərarı ilə yadda qaldı. Əvvəlcə 6-cı dəqiqədə rəqiblərini geridə qoyaraq, rəqibin cərimə meydançasına saxil olan Leroy Conc yerə yıxıldı. Polşalı hakim Pavel Qil isə oyunu davam etdirdi. Bundan 4 dəqiqə sonra da hakim açıq-aşkar penaltini təyin etmədi. Bu dəfə "Dnepr"in futbolçuları öz cərimə meydançalarında Reynaldo Silvanı yerə yıxdılar. Futbolçularımızın etirazlarına baxmayaraq, polşalı hakim yenə oyunu davam etdirdi.
Azərbaycan çempionu 15-ci dəqiqədə Nikola Kaliniçin fərqlənməsindən sonra hesabda geri düşdü.
36-cı dəqiqədə isə "Qarabağ"ın oyunçusu Leroy Corc hesabda tarazlıq yaratdı. Komandalar fasiləyə heç-heçə ilə yollandılar. İkinci hissədə "Qarabağ" qələbə topunu vura bilmədi. Qonaqlar isə qapıçımız İbrahim Şehiçi cəzalandırıb. Yenə xorvatiyalı hücumçu Nikola Kaliniç adını tabloya yazdırdı.
Beləliklə, Bakıda “Dnepr”ə 2:1 hesabı ilə uduzan “Qarabağ” qrupda 2-ci məğlubiyyəti ilə üzləşdi.
Qrupdakı digər qarşılaşmada Fransa “Sent-Etyen”i İtaliyanın "İnter" klubu ilə heç-heçə oynayıb. Beləliklə, qrupa 7 xalla "İnter" liderlik edir. "Sent-Etyen", "Dnepr" və "Qarabağ"ın isə hərəyə 4 xalı var. Amma vurulan və buraxılan topların sayı nəzərə alınmaqla komandamız qrupun sonuncu pilləsindədir.