Sumqayıtda kimya zavodunda partlayış olub

Ötən gecə "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindəki neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində həyəcanlı anlar yaşanıb. APA TV-nin məlumatına görə, neft məhsullarının saxlanıldığı ərazidə böyük benzin çənlərindən birində kiçik partlayış baş verib və bu, həyəcana səbəb olub.

 

Zavodun direktoru Oqtay Niftəliyev deyib ki, bura çox strateji obyektdir və ciddi nəzarət altındadır. Burada 15 min kub metrlik benzin çənləri var. Ona görə də istənilən hadisə baş verəndə reaksiya güclü olur.

 

Partlayışdan dərhal sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt qarnizonunun canlı qüvvəsi və texnikası  hadisə yerinə cəlb edilib, xidmətin Abşeron hissəsi isə hazır vəziyyətə gətirilib. Vaxtında edilən müdaxilə nəticəsində çəndə yanğın baş verməsinin qarşısı alınıb: "Heç bir xəsarət, itki və dağıntı yoxdur. Zavod adi qaydada işini davam etdirir. Araşdırma aparılacaq ki, partlayış nədən baş verib".

 

Faktla bağlı araşdırmalara başlanılıb. Strateji obyektdə baş vermiş insidentin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv