Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi olmasaydı..."
“Azərbaycan svilizasiyaların kəsişməsində yerləşir, mədəniyyətlərarası və dinlərarası dialoqa xüsusi önəm verir”.
APA TV-nin xəbərinə görə, bunu Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində AŞ-ın Qonşu regionlar üzrə siyasətinə dair keçirilən yüksək səviyyəli beynəlxalq konfransda xarici işlər naziri Elmar Məmmdyarov deyib.
Nazir bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. O, Azərbaycanın artıq Afrika və Asiya ölkələrinə yardım həyata keçirən donor ölkəyə çevrildiyini vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi. BMT Təhlükəsizlik Şurasının ərazilərin işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi təəssüf doğurur".
Elmar Məmmədyarov bu tədbirin Azərbaycnın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə sonuncu tədbir olduğunu vurğulayıb və noyabrın 13-də Azərbaycnın AŞ Nazirlər Komitəsinə sədrliyini Belçikaya təhvil vermək üçün Strasburqa gedəcəyini deyib.
Konfransda iştirak edən Avropa Şurasının xarici əlaqələr üzrə direktoru Zoltan Taubner deyib ki, Azərbaycan kimi ölkələr Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti ilə bağlı tədbirlər keçirmək üçün yaxşı mövqeyə malikdir: "Qonşuluq siyasəti baxımından konfrans zamanında təşkil edilib. Tərəfdaş öllkələrin bu əməkdaşlıqdan məmnun olmasını vacib sayıram. Bu siyasət Avropa Şurasının üzv dövlətlərlə bağlı siyasətini dəyiişməyəcək, biz əlaqələrin daha da möhkəmləndirilməsinə çalışırıq”.
Xatırladaq ki, Bakıda AzərbaycanınAvropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans başlayıb.
2 gün davam edəcək konfransın keçirilməsində məqsəd Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti çərçivəsində əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarətdir.