Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları "Kəlbəcər girovları" ilə görüşüblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Kəlbəcərdə ermənilərin girov götürdüyü azərbaycanlılara baş çəkiblər. Komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, sayca 6-cı olan başçəkmə noyabrın 5-də baş tutub.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatları çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb.

 

İlahə Hüseynova qeyd edib ki, komitə öz mandatına uyğun olaraq saxlanılan şəxslərlə görüşləri davam etdirəcək. Komitə nümayəndəsi deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərin məhkəmə prosesi barədə şərh vermir və məhkəmədə iştirak etmir.

 

Bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

 

Həsən Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Müəllif | Apa.Tv
Apa.tv