Rövnəq Abdullayev: "Yeni baş məşqçi də əcnəbi olacaq"
“Milli komandaya baş məşqçi axtarışları davam edir”.
Bu sözləri apasport.az saytına AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Assosiasiya rəhbəri bildirib ki, Berti Foqtsun istefasından sonra yığmada boş qalan baş məşqçi postuna yenə əcnəbi mütəxəssis gətiriləcək: “Hələlik real namizəd yoxdu. İndi kimə salam verirsənsə, “Azərbaycan yığmasına baş məşqçi gedirəm” deyir. Foqtsa ümidlər böyük idi”.
R.Abdullayev “Araz-Naxçıvan” klubunun Topaz Premyer Liqasından imtina etməsinə də münasibət bildirib: “Araz-Naxçıvan”ın Topaz Premyer Liqasında çıxışını dayandırmaq istəyi ilə bağlı qərarından xəbərim yoxdur. Düşünürəm ki, hakim səhvinə görə komandanı dağıtmazlar. Mən də klub rəhbəri olmuşam və belə hallarla rastlaşmışıq" deyən AFFA prezidenti “Araz-Naxçıvan”ın vəziyyəti ilə maraqlanacağını vurğulayıb.