Sələmçidən 9 min manat alıb qaytarmayan təzə bəy həbs olundu
Müşviqabad qəsəbə sakinindən sələmlə borc alıb pulu geri qaytarmayan Vüsal Səfərov adlı şəxs tutulub. APA TV-nin məlumatına görə, qəsəbə sakini Mərcan Hüseynova polisə müraciət edərək Vüsal Səfərov adlı şəxsin onun etibarından sui-istifadə etdiyini və 9 min manatını alıb qaytarmadığını bildirib. Araşdırmalar zamanı məlum olub ki, Mərcan Hüseynova sələmlə pul verib, lakin 9 aydan sonra anlayıb ki, pulunu geri qaytara bilməyəcək. Borc verdiyi adamın bir ay əvvəl toy etdiyini eşidən sələmçi qadın pulu almaq üçün ona təkrarən müraciət edib, lakin problem həll olunmadığına görə polisə müraciət etmək qərarına gəlib.
Vüsal Səfərov pulu qaytarmaq fikrində olduğunu, lakin imkansızlıqdan qaytara bilmədiyini deyib: “Dedim ki, qaytararam, qaytara bilmədim o da getdi polisə şikayət elədi. Pulu nə vaxt aldığım yadımda deyil”.
İstintaqla müəyyən olunub ki, Səfərov bu müddət ərzində qadından aldığı pulun cəmi 600 dollarını qaytarıb. Sonuncu dəfə aldığı pulları isə toyuna, cehiz almağa xərcləyib.