Hadı Rəcəbli: "Ölkədə uşaqların sağlamlığı üçün ayrılan vəsait azdır"

Mili Məclisin Sosial siyasət komitəsinin iclasında büdcə zərfinə daxil olan “2015-ci il üçün yaşayış minimumu ” və “2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə edilib.

 

APA TV-nin xəbərinə görə, komitə sədri Hadi Rəcəbli  2008-ci ildə yaşayış minimumunun 70 AZN olduğunu xatırladıb və əlavə edib ki, 2015-ci ilin dövlət büdcəsində yaşayış minimumu 131 manat, ehtiyac meyarı isə 105 manat məbləğində müəyyənləşib.

 

“Bu dəfə büdcədən uşaqların sağlamlığı üçün ayrılan vəsait 3 dəfəyə qədər artıb. Amma buna baxmayaraq bu rəqəmin özü də azdır. Bü gün uşaqların sağlamlığının qorunması haqqında qanun hazırlanır. Bu da işçilərin uşaqlarının sosial müdafiəsi üçün çox əhəmiyyətli bir məsələdir. Baxmayaraq ki, bu rəqəm 318, 3 min manata çatıb,  vaxtı ilə 100 min manat idi. Dünyanın digər ölkələri ilə müqayisədə bu rəqəm olduqca azdır”.
 

İqtisadiyyat və Sənaye Nazirliyinin təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Cəmaləddin Quliyev bildirib ki, gələn il üçün yaşayış minimumu 4,8 faiz artırılır. Yaşayış minimumunun 125 manatdan 131 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 137 manatdan 140 manatadək, uşaq və pensiyaçılar üçün müvafiq olaraq 103 manat manatdan 108 manatadək artırılması nəzərdə tutulub.

 

"2001-ci ildən indiyədək yaşayış minimumunun məbləği 5 dəfədən çox artırılıb. Belə ki, 2001-ci ildə yaşayış minimumunun məbləği 24,4 manat idisə, 2015-ci ildə bu məbləğ 131 manat təşkil edib. Bu məbləğ tam bir rəqəmə əsaslanmır, yaşayış minimumuna uyğunlaşdırılır".

 

Millət vəkili Elmira Axundova Azərbaycanda körpələrə ayrılan qulluq pulunun artırılmasını təklif edib. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev isə pensiya verilən zaman bankomatlar qarşısında yaranan problemdən danışıb. Bildirib ki, 2014-cü ildə Beynəlxalq Bank tərəfindən 300-ə yaxın yeni bankomat alınıb.

Müəllif | Apa.Tv
Apa.tv