Nazir: "Zərər görən fermerlər alacaqları toxumun qiymətini gələn il ödəyəcək"
Bu il quraqlı səbəbindən təsərrüfatı işçilərinin itkilərini qarşılamaq üçün bir sıra yardımlar edilib. APA TV-nin məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. Onun sözlərinə görə, əslində bu sahədə güzəşt sığortanın predmetidir. Sığorta haqqında qanun isə Maliyyə Nazirliyi ilə birlikdə hazırlanıb aiddiyyatı instansiyalara təqdim olunub. Quraqlıqdan zərər çəkmiş fermerlərin problemini aradan qaldırmaq üçün isə bır sıra metodlar tətbiq edilib.
"Bu metodlardan biri də o oldu ki, özəl toxumçuluq təsərrüfatları ilə danışıqlarımız oldu. Onlar gələn ilin məhsulunun hesabına ödəmək şərti ilə toxum satdılar, çalışdıq ki, heç yerdə problem olmasın. Artıq Qobustanda bu problem həll olunub. Şəkidə həll olunmaq üzrədir. Qəbələ və Şamaxıda da bu işlər həyata keçirilir".
Nazir Xaçmazda vətəndaşları qəbul edib. Görüşdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 20-dək vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşların kənd təsərrüfatında mövcud problemlərlə əlaqədar şikayətləri dinlənilib. Vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, texnika çatışmazlığı, kənd təsərrüfatı torpaqlarının sənədləşdirilməsi, bağlara səpilən dərmanların keyfiyyətsiz olması ilə bağlı problemləri səsləndiriblər. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.