DSMF sədri: "Sosial sığorta ödəyiciləri daha yüksək pensiya alacaq"
"Əmək pensiyalarının baza hissəsinin minimum pensiya göstəricisi ilə əvəz olunması pensiyaların bütün məbləğinin hər il indeksləşdirilərək artımına imkan verəcək".
APA TV-nin xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev “Azərbaycanda pensiya islahatları: yeni inkişaf mərhələsinin əsas hədəfləri” mövzusunda media nümayəndələri və ekspertlərlə keçirdiyi görüşdə deyib. Sədrin sözlərinə görə, ölkədə pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması bir neçə variantda həyata keçiriləcək. "Bunlar yaşın artırılması, problemin gözlənilən pensiya ödənişi müddəti vasitəsilə tənzimlənməsi, erkən pensiyaya çıxmanın məhdudlaşdırılması və gec pensiyaya çıxmanın stimullaşdırılması kimi vasitələrdən istifadə olunmaqla tənzimlənir. Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 təşkil edir. Hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 17,7 il, kişilər üçün isə 12,7 ildir".
Ölkədə əmək haqqı ilə bağlı konkret bir məbləğin müəyyənləşməsinin mümkün olduğunu deyən Elman Mehdiyev əlavə edib ki, həmin məbləğdən aşağı əmək haqqı rəsmiləşdirənlər bunun 25%-i qədər Dövlət Sosial Müdafiə Fonduna pul ödəyəcəklər. İşçi isə əmək haqqından ödəniş etməyəcək: "Azərbaycanda minimum məbləğdən yuxarı kapital toplamış pensiya üçün şəxslərə ümumiyyətlə staj tələbi qoyulmayacaq. Həmçinin, sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar".
Fond sədri deyib ki, hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmək halları da aradan qaldırılacaq.