Hamiləlik dövründə nələrə diqqət edilməlidir? - MƏSLƏHƏT

"6 aylıq hamiləyəm. Çox əsəbi, stresli oluram. Çox yeyirəm. Qorxuram ki, bu, gələcəkdə uşağa çox pis təsir etsin. Necə bəslənmək lazım olduğunu bilmirəm. Konservləşdirilmiş məhsullardan istifadə edirəm. Bunun gələcəkdə hansı fəsadlar yaradacığından narahatam".

 

Bəziləri bu müddəti ağır, bəziləri isə sağlam həyat tərzinə üstünlük verməklə çox yaxşı keçirir. Hamiləlik dövründə sağlam qidalanmaq vacib şərtlərdən biridir. Çünki bu proses sağlam həyat tərzinə uyğun  keçməzsə, hamiləlik sonrası ana və körpənin səhhətində ciddi problemlər yaranır. Ginekoloq Məhəmməd Qəmbərov APA TV-yə deyib ki, qadınlar hamilə olduğunu öyrəndiyi zaman mütləq həkimə müraciət etməlidir. İlk müayinə zamanı əlavə xəstəliklərinin olub-olmadığı, bədən quruluşu, çəkisi, daha əvvəlki doğum, abort sayı araşdırılmalıdır. Hamiləliyin sonuna kimi 8-10 dəfə müayinədən keçməlidir: "Hamiləlik vaxtı ən önəmli baxılacaq parametrlərdən biri də hamiləlikdə ikili test, üçlü testlərdir. İkili test 11-14-cü həftələr arasında baxılan bir testdir. Bu testin məqsədi uşaqda ola biləcək genetik xəstəliklərin, xüsusilə  daun sindromunun olub olmadığını araşdırmaqdır. İkinci trimestrin başlanğıcında yəni, 15-19-cu həftələrdə 3-lü, 4-lü testlər də genetik xəstəlikləri aşkar etmək üçün edilir. Digər tərəfdən hamiləliyin 20-24-cü həftəsində uşağın anomaliya ilə bağlı ultrasəs müayinəsindən keçirilməsi uyğun görülür. 

 

Həkim deyir ki, hamiləlikdə önəmli olan parametrlərdən biri də  çəkinin artmasıdır. Bədənin kütlə indeksi normaldırsa, hamiləliyin sonuna qədər 12-15 kq çəki almaq normal hesab edilir. Bundan daha çox olarsa, mütləq şəkəri ölçülməlidir: "Hamilə ilk 20 həftəyə qədər 4-5 kq, sonlarına doğru isə 8-9 kq ala bilər. Əgər bədən kütlə indeksi çox yüksəkdirsə, bəzən 7-8 kq almağı kifayət edir. Artıq çəki varsa, bu xəstələrdə əvvəlcə şəkərli diabeti araşdırmaq və daha çox çəki almamağına diqqət etmək lazımdır. Bu təbii ki, bədən kütlə indeksinə görə qərar verilir. Əgər bədən kütlə indeksi köklük həddindən çoxdursa, hamiləliyin sonuna qədər bu xəstələrin 7-8 kilo qədər almağı belə yetərlidir".

 

Hamiləlik dövründə qidalanma hansı şəkildə olmalıdır, nələr yeyilməlidir? Dietoloq Leyla Zülfüqarova deyir ki, hamilə qadınların düzgün bəslənmə proqramı olmalıdır: "Bu müddətdə müəyyən növ qidalardan uzaq durulmalıdır. Bunlar nədir? Qabalaşdırılmış market qidaları, çox qatqıları olan konservantlarla zəngin qidalar, yəni ketçuplar, mayonezlər, hətta çox qatqıları olmuş yoqurtlardan  mütləq uzaq durulmalıdır. Ağ undan ibarət bütün növ bişmələr, kartof məmulatından çox az istifadə etməlidirlər və şirniyyat növlərindən uzaq durulmalıdırlar".

 

Onun  sözlərinə görə, hamiləlik dövründə canavar "aclığı sindiromu" adlı hal yaranır ki, qadınlar nə qədər yesələr də doymadıqlarını düşünürlər. Buna görə hamilə qadınlar daha çox təbii qidalar əvəzinə qablaşdırılmış məhsullardan istifadə edirlər. Bu isə ağır fəsadlara yol açır: "Bu boşluğu nə doldurmalıdır? Süd və süd məhsulları çox bol istifadə olunmalıdır. Süd qatıq kəsmik kefir və ayran bol-bol istifadə edilməlidir. Balıq məhsulları da çox aktualdır. Balığın sobada bişirilməsi, suda bişirilərək çox da duzlu olmayan şəkildə yeyilməsi məqsədəuyğundur. Duzlu qidalardan uzaq durulmalıdır. Çox şirniyyatın qəbul edilməsi diabetə  yol aça bilir. Çovdar unundan və hansısa meyvənin suyu ilə bişirilmiş şirniyyat məsləhət görürük. əlavə oluna bilər".

 

Psixoloq Təhminə Çələbi isə deyir ki, qadınlar hamiləlik prosesinə həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalıdır. Tam hazır olduqda hamiləlik qərarı verməlidirlər. Ana olmağa hazırlaşan qadınlar bilməlidir ki, hamiləlik dövrü və sonrası onların həyatı əvvəlki kimi olmayacaq: "Bunun məsuliyyətini dərk etməlidirlər. Yuxusuz gecələr, yorğunluq olacaq. Əvvəlki həyatından fərqli olacaq stress olacaq. Bunlar hamısı normaldır. Tədricən analıq instinkti yaranır. Adaptasiya bəzilərində gec bəzilərində isə tez ola bilir. Bu zaman ərzində onlara kömək edəcək insanların olması yaxşı olar".

 

Psixoloqun sözlərinə görə, hamiləlik vaxtı qadınlarda stress yaradan amillərdən biri artıq çəkidir: "Qadınlar 9 ayı özlərinə bayram  elan edir və istədikləri hər şeyi yeyirlər. Daha sonra artıq çəki onların görünüşlərində problem yaradır. Xarici görünüş ilə bağlı komplekslər əmələ gəlir. Özünün bəyənməmək, natamamlıq kompleksi isteriyaya, əsəb gərginliyinə gətirib çıxarır".

 

Təhminə Çələbi bildirib ki, hamiləlik prosesində qadın stressdən uzaq və  tamamilə rahat bir şəraitdə olmalıdır. Əks təqdirdə həm özünün, həm də uşağın psixologiyasına mənfi təsir göstərə bilər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova