Bakıda körpə doğuşdan 13 saat sonra ölüb
Azərbaycanda körpə ölümü baş verib. Hadisə Respublika Perinatal Mərkəzdə qeydə alınıb. Bakı şəhər sakini, Qurbanovlar ailəsinin gəlini noyabrın 7-si gecə Mərkəzə gətirilib. Səhər saat 9 radələrində təbii doğuşla oğlan uşağı dünyaya gəlib. Həkimlər tərəfindən köpəyə lazımi tibbi yardım göstərilsə də, körpə axşam saatlarında vəfat edib.
Mərkəzin baş həkimi Sevinc Məmmədova APA-ya deyib ki, 18 yaşlı Səfərova Nuranə Asif qızı noyabrın 7-də mərkəzə daxil olub. Bu, onun ikinci hamiləliyidi. İlk dəfə 17 yaşında 2.5 kq çəkisində sağlam uşaq dünyaya gətirib. Uşağın 40-cı çıxmamış yenidən hamilə qalıb. Hamilə qadın mərkəzə daxil olarkən müayinə olunub və diaqnoz qoyulub. Çəkisi 1.8 kq, boyu 41 sm və vaxtından əvvəl olan oğlan uşağını dünyaya gətirib. Doğduqdan sonra göbək ciyəsi həddindən artıq qısa olub, uşağın boynuna iki dəfə sıx dolanıb, dölyanı mayesi irinli, üfunətli olub. Körpənin ağciyərlərini açmaq üçün iynə vurulub. Lakin uşaq infeksiyalaşmaqdan vəfat edib. Körpə artıq ananın qarnında infeksiyalaşıb. Uşaq yalnız 13 saat yaşayıb.
Baş həkim əlavə edib ki, ana ikinci hamiləlik dövründə yalnız 1 dəfə həkim qəbulunda olub. Həmin vaxt vəziyyəti kəskin ağır olduğundan ona müalicə, daimi müayinədən keçməsi məsləhət görülüb. Lakin ana bu müddətdə həkimə getməyib, müayinə zamanı yazılan dərmanları da qəbul etməyib. Ana bu gün öz təkidi ilə doğum evində qalmaqdan imtina edib və evə buraxılıb. Yaxınları uşağın təşrih edilməsinə icazə verməyib, körpə də dəfn üçün ailəsinə təhvil verilib.