Paytaxtda təşkil olunan yarmarkalarda qiymətlər necədir?

"Həftə sonlarında paytaxtda yarmarka və bazarların təşkil edilməsi artıq bir növ adət halını alıb. Əhali buradan istənilən mövsümi meyvələri almaqla yanaşı digər ərzaqları da ala bilər. Yarmarkaların qiymətləri bazarlardan nə ilə fərqlənir?"

 

Bazarda hər çeşiddə meyvə-tərəvəz satılır. Satıcılar deyir ki, bazarlardan fərqli olaraq yarmarkada məhsul satmaq daha ucuza başa gəlir. Çünki burda yer haqqı olmadığından fermer öz həyətinin məhsulunu yalnız yol xərci çəkməklə yarmarkaya çıxara bilir. Satıcılar APA TV-yə belə deyirlər.

 

"Bura gətirdiyim mal öz həyətimin məhsuludur. Bu narı Salyandan gətirmişəm. Yarısını da qonşulardan almışam. Qiyməti 80 qəpikdir".

 

"Yarmarkada daha çox sitrus meyvələrinə rast gəldik. Mandarin yarmarkada daha çox satılan meyvələr sırasındadır. Keyfiyyətindən və həcmindən asılı olaraq mandarinlərin qiyməti 1-2 manat arası dəyişir". 

 

Sitrus meyvələrindən olan feyxoanın qiyməti 1 manatdır. Limonun beşini isə alıcılar 1 manata əldə edə bilərlər.

 

"Payız mövsümündə almanın bol olduğunu nəzərə alıb satıcılar almanın qiymətində də bir qədər endirim edib. İndi yarmarkada ən çox rast gəlinən "Simerinka"  almasının  3-4 kilosunu cəmi 1 manata almaq olar".

 

Xurmanın qiymətində də bu mövsüm nəzərə çarpacaq dərəcədə artım müşahidə edilmir - kiloqramı 80 qəpikdən 1 manat 50 qəpiyə qədərdir. Alıcılar seçimləri barədə danışıblar.

   

"Alıcılar daha çox meyvənin iri və ya xırda olmasına baxırlar. İri meyvələr 1 manat, xırda meyvələr isə 50-80 qəpik arası olur".

 

"Mən bir müştəri kimi bazara gələndə yalnız keyfiyyətli mal axtarıram. İstər nar olsun, istər mandarin.  Yarmarka elədir ki, burada çeşid çoxdur. Məsələn, axtarıb narın yaxşısını tapmaq olur. Amma həyətdə satılan marketlərdə çeşid olmur, ona görə də gördüyümüzü alanda baha olur. Həmişə həftə sonu yarmarkaları gözləyirəm".

 

Yarmarkada əsasən Ağdaş və Xaçmaz rayonlarından gətirilən heyva da satışa çıxarılıb ki, bu meyvələr də 80 qəpikdən 1 manata müştərilərə təqdim edilir. Kənd yumurtası 15 qəpik, kənd toyuğu isə 4 manata satılır.

 

Paytaxt sakinləri həftə sonları müxtəlif yerlərdə təşkil olunan yarmarkalardan istədikləri kənd təsərrüfatı məhsullarını əldə edə bilərlər.

 

Müəllif | Apa.Tv