Lənkəranda evini tiryəkxanaya çevirən şəxs yaxalandı

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yuxarı Nüvədi kənd sakini, əvvəllər məhkum olunmuş, 34 yaşlı Davud Sabir oğlu Mustafayevin yaşadığı evdə tiryəkxana aşkarlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, aparılan axtarışlar zamanı evdən 34 qutuda 182 qram marixuana, 14 bükümdə 32 qram həşiş, 7 bükümdə və bir ədəd sellofan bükümdə 57 qram heroin, 150 qram çətənə bitkisinin toxumu, 1 ədəd elektron tərəzi, marixuana çəkmək üçün istifadə edilən siqaretlər, 10 ədəd şpris və 10 ədəd distillə olunmuş su ampulası aşkar edilib. Müstəntiq Toğrul Hüseynov cinayətin motivi barədə məlumat verib.

 

"Mustafayev Davud Sabir oğlu İstintaqdan yayındığına görə, onun yaxalanması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir".

 

Əməliyyat-axtarış tədbiri zamanı Davud Mustafayevin evində “iş başında” olan narkotik istifadəçiləri də saxlanılıb.

 

Saxlanılan şəxslərdən rayon sakinləri, 38 yaşlı, əvvəllər məhkum olunmuş İsfəndiyar Sabir oğlu Mustafayevdən 0,5, 21 yaşlı Murad Famil oğlu Həbibovdan 0,1, 39 yaşlı Zülfüqar Adil oğlu Quliyevdən 0,1 qram heroin aşkar edilərək götürülüb.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv