Bakıda “Bayraq yürüşü” keçirilib
Təhsil Nazirliyi Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirib. Yürüşdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edib.
APA TV-nin xəbərinə görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.
Təhsil nazirinin müavini Firdovsi Qurbanov deyib ki, bugünkü yürüşün əsas məqsədi Azərbaycan gənclərinə, şagirdlərə, tələbələrə dövlət bayrağının mahiyyətini göstərməklə onlarda vətənpərvərlik hisslərini yaratmaqdır.
500-ə yaxın şagirdin qatıldığı yürüş zamanı iştirakçılara Dövlət Bayrağı Meydanı haqqında məlumat verilib. Daha sonra yürüş iştirakçıları Bayraq Muzeyi ilə tanış olublar
Qeyd edək ki, noyabrın 9-da Dövlət Bayrağı Meydanında Dövlət bayrağının qaldırılması prosesini hər kəs yenidən canlı izləyə biləcək.