Bakıda "Mercedes" mağazaya çırpılıb, bir qardaş ölüb, digəri ağır yaralanıb
Bakının Nizami rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.
Prospektlə şəhərin mərkəzi istiqamətində sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəl yol kənarındakı reklam lövhəsinə, daha sonra isə avtomobil satışı salonunun pilləkənlərinə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb, qardaşı isə hadisə yerində ölüb.
Yaralı Kazımov Fərid Vahid oğlu və dünyasını dəyişən Kazımov Anar Vahid oğlu hadisə şahidləri tərəfindən avtomobildən çıxarılıblar. Sürücü təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisə yerini müayinə edən istintaqçıların ilkin versiyasına görə, qəzaya avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub.