Yük maşını aşdı, Bakıya giriş-çıxış bağlandı

Bakının Sulutəpə qəsəbəsində yük maşınının aşması nəticəsində Bakının Şamaxı istiqamətindən girişi bağlanıb. APA TV-nin məlumatına görə, Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində aparılan təmir və yenidənqurma işlərinə cəlb edilən iritonnajlı yük maşını dairədə idarəetmənin itirilməsi nəticəsində aşıb. Yük maşını magistral yolu bağlayıb, Bakının giriş və çıxışında böyük tıxac əmələ gəlib.

 

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb ediliblər, aşan yük maşını kran vasitəsilə qaldırılıb. Bundan sonra yolda nəqliyyatın hərəkəti tədricən normallaşmağa başlayıb. Amma tıxac təxminən 1,5 saat davam edib.

 

İlkin ehtimala görə, hadisə yük maşınının sürücüsünün dairədə idarəetməni itirməsi nəticəsində baş verib.

 

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsi yenidən qurulur. Yenidənqurma işlərini Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC aparır.

 

Müəllif | Apa.Tv