Bakıda "NAZ Lifan" hasara çırpılıb, 4 gənc ağır yaralanıb

Bakının Nərimanov rayonu ərazisində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. "Koroğlu" metrostansiyasından şəhərin mərkəzi istiqamətində hərəkət edən "NAZ Lifan" markalı avtomobil idarəetmədən çıxıb, dövrə vuraraq yol kənarındakı hasara çırpılıb. Qəza nəticəsində maşının sürücüsü 21 yaşli Vidadi Mirzəyev, həmçinin avtomobildəki üç sərnişin - 22 yaşlı Ağadayı Ağabalayev, 28 yaşlı Rəşad Əliyev və 21 yaşlı Ramal Rəhimov xəsarət alıb. Yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

 

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, qəza sürət həddinin aşılması nəticəsində baş verib.

 

Müəllif | Apa.Tv