Bayraq meydanında növbəti izdiham
Bu gün Bayraq Meydanında növbəti izdiham yaşanır. Bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları, sadə vətəndaşlar Bayraq günü münasibət ilə bayrağımız yenidən ən hündür dirəyə qaldırırlar. APA TV-nin məlumatına görə, bayrağın dirəyə qaldırılması mərasiminə paytaxt sakinləri, Böyük Vətən Müharibəsi Veteranları, Qarabağ müharibəsi döyüşçüləri, ölkənin güc strukturlarının əməkdaşları qatılıblar. Sakinlər həm də prosesin iştirakçısı olmaq üçün növbəyə düzülmüşdülər.
Paytaxt sakini Tural Əliyev bildirib ki, bu prosesdə iştirak etmək onun üçün sevindirici haldır :"Bu bizim üçün böyük qürur hissidir. Çox fərəhlənirik ki, bir Azərbaycan gənci, dövlətin gələcəyi olaraq, bu bayrağı çiyinlərimizdə daşıyırıq".
Daha sonra eni 35 metr, uzuluğu 70 metr, çəkisi 350 kiloqram olan bayrağımız dövlət himninin sədaları altında 162 metrlik hündür dirəyə qaldırılıb.
Mərasimdə iştirak edən Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova da öz təəssüratlarını bölüşüb: "Təəssüratım yerlə-göy qədərdir. Hisslərim o qədər böyükdür ki, mən bu saat Azərbaycanın müqəddəs bayrağının qalxmasını iştirak edirəm. Özüm 41-45-ci ilin müharibə veteranıyam, 93 yaşım var. Ona baxmayaraq mən bu yaşda gəlmişəm ki, bayrağımın qalxmağını gözlərimlə görüm".
İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından biri, Əli bəy Hüseynzadə gündəmə gətirib. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. Üçrəngli bayrağımızla bağlı maraqlı faktlar da mövcuddur. Məsələn, 1956-cı ildə, keçmiş SSRİ imperiyasına nifrətini açıq şəkildə bildirən Cahid Hilaloğlu bayrağımızı Qız qalasının üzərinə qaldırıb. Milli istiqlal arzusundan doğan bu hərəkətinə görə, Hilaloğlu 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır.
1952-ci il mayın 28-də isə mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika Günü tədbirində M.Ə.Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb, onu Azərbaycana aparmaq üçün kimə etibar etməli olduğunu soruşub. Zaldakılardan mühacir Gülmirzə Bağırov bu əmanəti götürür və 1970-ci illərdə bədəninə sarıyıb Vətənə gətirib. 1990-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinin damından asılır.
1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. 2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub.Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
İllər öncə necə idisə indi elədir. Ancaq 96 yaşı var. Neçə illərin tarixini, sirlərini özündə daşıyır. İllərin mübarizəsi, savaşları hesabına qazanıldı. Şəhidlərimizin qanı bahasına dalğalanan bu bayrağımız qoy həm də zəfərlərimizin müjdəçisi olsun.