Ötən il ölkədə 229 erkən nikah qeydə alınıb
"2011-ci ildə Azərbaycanda rəsmi olaraq, 5138 erkən nikah qeydə alınıb. 2012-ci ildə bu rəqəm 295, 2013-cü ildə isə 229 olub".
Bunu APA TV-yə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova deyib. Onun sözlərinə görə, faktların azalması Ailə Məcəlləsinə edilən yeni dəyişikliklə bağlıdır. Dəyişikliyə əsasən, qadın və kişilər üçün nikah yaşı 18-ə yaldırılıb: "2013-cü ildə 229 nikah faktının qeydə alınması da narahatlıq yaradır. Bununla bağlı dövlət və müvafiq qurumlar birgə iş aparılmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə kifayət qədər iş tədqiqatlar və maarifləndirici xarakterli işlər aparır. Valideynlər bilməlidir ki, onlar övladlarını təhsildən yayındırmaqla onlara ciddi problemlər yaradırlar".
Demoqrafiya məsələlərinin də son illərin müzakirə olunan mövzularından biri olduğunu deyən komitə rəsmisi qeyd edib ki, Azərbaycanda çoxuşaqlı ailələrə bir sıra güzəştlərin tətbiq olunması məsələsi gündəmdədir: "Azərbaycanın ailə strategiyası hazırlanacaq. Həmin məsələlər də əksini tapacaq. Amma sənəd hazırlanıb qəbul olunana qədər müxtəlif dövlət qurumları tərəfindən müvafiq addımlar atılır. Dövlətin iqtisadi gücü artdıqca bu problemlərin də həlli öz yolunu tapır".
Aynur Veysəlovanın sözlərinə görə çoxuşaqlı ailələrə bir sıra güzəştlər və imtiyazların verilməsi barədə təkliflər qurumun hazırladığı "Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında" qanun layihəsində əksini tapıb. Layihədə çoxuşaqlı ailələrə uşaqların təhsili, səhiyyə xidmətləri, mənzil məsələləri, çoxuşaqlı valideynlərin əmək hüquqları ilə bağlı təminat və güzəştlər nəzərdə tutulub. 1999-cu ildə biruşaqlı ailələrin göstəricisi 22,5, 2009-cu ildə 30,1 faiz, 4 və daha çox uşaqlı ailələrin statistikası 1999-cu ildə 16,7, 2009-cu ildə 9,7 faiz olub. Bu isə o deməkdir ki, Azərbaycanda belə bir qanunun qəbul olunmasına zərurət yaranıb.