Türkiyə vətəndaşı Qazaxda sərnişin avtobusu ilə zəncirvari qəza törətdi
Qazaxda biri avtobus olmaqla üç avtomobil toqquşub. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Türkiyə vətəndaşı, 1962-ci il təvəllüdlü Yılmaz Toprağın idarə etdiyi sərnişin avtobusu Qazax rayon sakini, 1992-ci il təvəllüdlü Süleyman Cəfərovun idarə etdiyi "Niva" markalı avtomobillə toqquşub. Sonra avtobus yolun kənarında dayanan, Qazax rayon sakini, 1952-ci il təvəllüdlü Tahir İsmayılova məxsus "VAZ-2107"yə dəyərək, maşını dərəyə aşırıb.
Qəza nəticəsində "Niva"nın sürücüsü Süleyman Cəfərov və onun sərnişini, 1978-ci il təvəllüdlü Ramin Qasımov müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Xəstəxanadan yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.