Elmar Qasımov: "İslam dünyası geri qalırsa, bu, təhsilə münasibətlə bağlıdır"

Azərbaycanda ilk dəfə olaraq  “Bakı Elm Festivalı-2014” keçirilir.  APA TV-nın məlumatına görə, iki gün davam edəcək tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşır. APA TV-nin xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə festivalın keçirilməsinin məqsədini açıqlayıb: " Biz bu gün gənclərə AMEA-nın naliyyətlərini göstərməyə çalışdıq. Bu addım eyni zamanda ilk dəfə olaraq dekabrın 19-da AMEA-da Azərbaycan alimlərinin qurultayının keçiriləcəyi  AMEA-nın 70 illik yubleyinə hazırlıq mərhələsidir".  

 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov isə bildirib ki, bu gün Azərbaycan dövləti elmin inkişafına olduqca böyük vəsait xərcləyir, innovativ sahibkarlığın inkişafına diqqət yetirir: “Azərbaycan Prezidentinin sərəncamı ilə xüsusi innovativ sahibkarlığın inkişafı üçün şərait yaradılıb. Söhbət yaradılmış xüsusi texnoparklar və tətbiq edilən güzəştlərdən gedir. Digər tərəfdən, innovativ sahibkarlığı gücləndirmək məqsədilə Azərbaycanın özəl şirkətlərinə maliyyə dəstəyinin verilməsi üçün xüsusi fondlar yaradılıb. Onlara qrantlar, güzəştli şərtlərlə kreditlər verilir, investisiya imkanları yaradılır. Hesab edirəm ki, bütün bunlar Azərbaycan şirkətlərinin beynəlxalq bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək. Bununla da bu istiqamətdə ixrac potensialının artırılması həyata keçiriləcək”.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə bildirib ki,

bu gün İslam dünyası geri qalırsa, bu, elmə, təhsilə münasibətlə bağlıdır. Dünyada neft və qaz ehtiyatlarının 50 faizindən çoxu, əmək qabiliyyətli insanların 60 faizə qədəri İslam ölkələrindədir. Ancaq bu gün dünyada çap olunan elmi məcmuələrdə İslam ölkələrinin payı 1 faizdir. Azərbaycan elminin isə böyük potensialı var.

Müəllif | Apa.Tv