Siyəzəndə reyd keçirilib, qaydalara məhəl qoymayan sürücülər saxlanılıb

Noyabrın 10-u axşam saatlarında Siyəzən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Siyəzən şəhəri ərazisində reyd keçirib. APA TV-nin məlumatına görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb, onların barəsində inzibati qaydada tədbir görülüb. Siyəzən şəhərinin ərazisində yük avtomobillərinin hərəkətinə qoyulan qadağaya məhəl qoymayan  sürücülər saxlanılıb. Onlardan bəzilərinin yük avtomobillərini sənədsiz idarə etdiyi məlum olub. Bununla yanaşı, reyd zamanı polisə tabe olmayan sürücülərə də rast gəlinib. Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin baş dövlət avtomobil müfəttişi Nail Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən sürücülük vəsiqəsi olmayan, sərxoş və digər qayda pozuntusuna yol verən sürücülər saxlanılaraq onlara qarşı inzibati qaydada tədbir görülüb. 

 

Bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan