Səlim Müslümov: "Öhdəlik götürsələr də, buna nail ola bilmədilər"

"Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılır".

 

APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bu Komissiyanın yaradılması hökumət, həmkarlar və işəgötürənlər arasında vahid sistem olacaq. Nazir deyib ki, əvvəl belə saziş bağlansa da, məsələ həllini tapmayıb: "Baş kollektiv sazişlərdə sosial və iqtisadi məsələlər Üçtərəfli Komissiyanın yaradılması ilə bağlı öhdəliklər götürsələr də, onun yaradılmasına hələlik nail ola bilməyiblər".

 

Səlim Müslümov bildirib ki, dünya təcrübəsində bununla bağlı çoxlu nümunə var. Üçtərəfli Komissiyanın əmək münasibətlərinin tərəfləri arasında daha səmərəli əlaqələndirmə üçün mühüm vasitə olduğunu bildirən nazir əlavə edib ki, ölkəmizdə hər üç tərəfin yüksək nümayəndəli orqanı - Nazirlər Kabineti, Həmkarlar İttifaqı Konfederasiyası, Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası var. Onun sözlərinə görə, Komissiyanın yaradılmasında fikir ayrılığına səbəb olan məsələlər mövcuddur : "Komissiyanın Nazirlər Kabineti yanında, yoxsa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında olması və ya müstəqil olması ilə bağlı müxtəlif fikirlər mövcuddur. İkinci məsələ komissiyanın say tərkibidir, komissiyanın maliyyələşməsi, komissiyaya rəhbərlik edilməsi məsələsi, burda da fikir ayrılıqları var. Layihədə komissiyanın sədri baş nazir qeyd edilib. Nəhayət, komissiyanın əsasnaməsində müəyyən edilən vəzifə, hüquqlar birmənalı qarşılanmır".

 

Bildirilib ki, Komissiyanın yaradılmasında əsas məqsəd ölkədə sosial-iqtisadi siyasətin aparılmasında razılaşdırılmış ümumi prinsiplərin müəyyən olunması üçün təkliflər verilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsi və sosial sabitliyin daha da möhkəmlənməsi üçün sosial dialoqun inkişafına dəstək verməkdir. Layihə bu ilin avqustunda hökumətə təqdim olunub və hazırda layihənin razılaşdırılması istiqamətində işlər aparılır.

 

Müəllif | Apa.Tv