Mənzillərini icbari sığorta etməyənlər cərimələnəcək
"Mənzil Məcəlləsinin tətbiqi ilə əlaqədar yeni qanunvericilik aktları hazırlanıb. Hazırda bu istiqamətdə müzakirələr aparılır".
APA TV-nin xəbərinə görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, bu proseslərin davamı kimi Azərbaycan Almaniya ilə birgə layihə həyata keçirir. Bu layihə çərçivəsində həm mənzillərin idarə edilməsi, həm də binaların enerji səmərəliliyinə xüsusi diqqət yetirilir.
Nazir müavini qeyd edib ki, hazırda ölkə üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri fəaliyyətə başlayıb. Son 2 ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 9 MMC fəaliyyət göstərir. Sözügedən cəmiyyətlər isə binalarda mənzillərin mülkiyyətçiləri tərəfindən yaradılır: "Bu MMC-lər mülkiyyətçilərin özləri tərəfindən yarandığı üçün onların verdiyi qərarlar əsasında ödənişlər həyata keçiriləcək. Həmin yığılan ödənişlər isə binanın qeyri-yaşayış sahəsinin saxlanılması təmir edilməsi üçün istifadə edilir".
Nazir müavini deyib ki, mənzillərini icbari sığorta etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun cərimələr nəzərə tutulur: "Əhali tərəfindən maraq çox azdır. Bununla bağlı Maliyyə və İqtisadiyyat və Sənaye nazirlikləri tərəfindən stimullaşdırma mexanizmləri üzərində işlər aparılır. Mənzillərini icbari sığorta etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun cərimələr tətbiq olunacaq. Bu vacib bir prosesdir".
Son 20 ildə Azərbaycanın mənzil fondu 30 faiz artaraq, 166,4 milyon kvadratmetr olub. Bu isə adambaşına 18 kvadratmetrdən çoxdur. Bunun 90 faizindən çoxu şəxsi mənzillərin payına düşür.