Dələduzluq etdiyinə görə axtarışda olan şəxs saxlanıldı

Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mikayıl Ağayevin etibarından sui-istifadə edərək onun 5000 manatını alıb qaytarmamaqda şübhəli bilinən paytaxt sakini, 1989-cu il təvəllüdlü Əfqan Mahmudov tutulub. APA TV-nin xəbərinə görə, Əfqan Mahmudov avtomobil alveri ilə məşgul olub.

 

"Bir nəfərə maşın satmışdım, gətirib qaytardı. Sonra mən həmin maşınla qəza törətdim. Borcumu ödəyə bilmədim. O da 1 ildən sonra gəlib şikayət etdi".

 

Polis İdarəsindən bildiriblər ki, Əfqan Mahmudov 4 ay müddətində axtarışda olub. Naxçıvan MR-da gizləndiyindən onun yerini bu müddət ərzində müəyyən etmək mümkün olmayıb. İstintaq hesab edir ki, bu, saxlanılan şəxsin birinci əməli deyil. Bu şəxsi görüb tanıyanlardan Nizami RPİ -nin növbətçi hissəsinə zəng etmələri xahiş olunur.

 

Müəllif | Apa.Tv