Fəttah Heydərov: "Müstəqilliyimizdən böyük sərvətimiz yoxdur"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 11-də Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində “Azərbaycan-Tolerantlığa nümunə ölkə” mövzusunda regional konfrans keçirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, konransda ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Komitə sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub.

 

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, Azərbaycan tolerantlıq sahəsində bütün dünyaya nümunədir: “Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir. Ona görə də indiki və gələcək nəsillər ona hədəflənməlidir ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun. Bizim bundan böyük nailiyyətimiz və sərvətimiz yoxdur".

 

Konfransda Azərbaycanda etnik-dini durum barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov