Ukrayna Təhlükəsizlik Xidməti: Donbasda münaqişə daha 4-5 il uzanacaq
Ukrayna Milli Təhlükəsizlik Xidməti ölkənin yaxın 4-5 il ərzində Donbası qaytara bilməyəcəyini etiraf edib. Qurumun sədrinin müşaviri Markiyan Lubkivskinin açıqlamasına görə, separatçıların nəzarətində olan ərazilərdə münaqişə uzanacaq və orada sabitliyi bərpa etmək üçün Ukraynaya daha 4-5 il lazım olacaq. Bu arada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin rəhbəri Andrey Lısenko Antiterror Əməliyyatları aparıldığı müddətdə Donbasda ölən Ukrayna hərbçilərinin sayını açıqlayıb. Onun sözlərinə görə, noyabrın 11-nə kimi Luqansk və Donetsk vilayətlərində 1052 hərbçi öldürülüb. Andrey Lısenko 400 nəfərin taleyi barədə məlumatın olmadığını, 399 nəfərin əsirlikdə olduğunu və 4079 nəfərin isə yaralandığını bildirib.