Məhkum ərinə alt paltarında narkotik aparan qadın tutulub
Bakıda məhkuma narkotik vasitə ötürülməsinin qarşısı alınıb. Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə azadlıqdan məhrum edilmiş məhkum Emin Çingiz oğlu Cəfərlinin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Tamilla Maqsudovna Ağayevanın və tanışı Elnarə Eldar qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman Elnarə İsmayılovanın alt paltarında gizlətdiyi kibrit qutusunun içərisindən xalis çəkisi 2,65 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.
APA TV-nin xəbərinə görə, müstəntiq Habil Hüseynov deyib ki, faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Hazırda Elnarə İsnayılova şübhəli şəxs qismində saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Elnarə İsmayıova isə huşsuzluğundan şikayət edir. Dediyinə görə, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerdən tapdığı narkotiki üzərində gizlətdiyini unudubmuş.
Elnarə İsmayılovanın sözlərinə görə, məhkum Emin Cəfərlinin həyat yoldaşı Tamilla Ağayeva ilə cəzaçəkmə müəssisəsində tanış olubmuş.
Faktla bağlı araşdırma aparılır.