Azərbaycan və Macarıstanın arasında 8 sənəd imzalanıb
Budapeştdə Azərbaycan və Macarıstan arasında sənədlərin imzalanması mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Ümumilikdə, iki ölkə arasında 8 sənəd imzalanıb.
Sənədlərin imzalanması mərasimindən sonra Macarıstanın baş naziri Viktor Orban və Azərbaycan prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Viktor Orban bildirib ki, Azərbaycan və Macarıstan arasında bir sıra mühüm strateji sənədlər imzalanıb və bu sazişlər həm Macarıstanın, həm də Azərbaycanın maraqlarına xidmət edir. Hökumət başmçısı deyib ki, enerji sahəsi Bydapeştin xüsusi əhəmiyyət verdiyi sahələrdən biridir.
Viktor Orbanın fikrincə, Azərbaycan qazının Avropaya nəqli təkcə Macarıstan üçün yox, Avropa İttifaqı üçün çox vacibdir: "Hazırda imzalanan sazişlər nəticəsində Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcək. Növbəti illərdə isə müvafiq infrastruktur yaradılmalıdır ki, Azərbaycan qazı Mərkəzi Avropaya yol tapsın. Bunun üçün qonşu dövlətlər öz aralarında əlaqələndirici kəmərlər inşa etməlidir. Bu sahədə Avropa İttifaqı olduqca az iş görüb. Amma biz nümunəvi ölkə olmalıyıq və qonşu ölkələrdən qaz ala biləcəyimizi nümayiş etdirməliyik".
Azərbaycan prezidenti İlham Əliyev isə bəyan edib ki, imzalanan sazişlər iki ölkə arasında əlaqələrin çoxşaxəli olduğunu göstərir: "Əlbəttə ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək illərdə birgə icra ediləcək layihələrimizin uğurla nəticələnəcəyini təmin edəcək. Deyə bilərəm ki, strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında mümkün olan sazişlər üçün də gözəl zəmindir. Çünki bu sənəddə əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıb. Əlbəttə, bu səviyyəyə çatmaq üçün siyasi əlaqələr prioritet xarakter daşıyır".
İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır: "Azərbaycan “Cənub” qaz dəhlizinin təşəbbüskarıdır. Şadam ki, “Cənub” qaz dəhlizi artıq icra edilir. İki ay bundan əvvəl Bakıda təntənəli mərasim keçirilib və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq. Əslində bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində bu, enerji xəritəsi dəyişdiriləcək və Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcək. Bizim “Cənub” qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında - 2018-2019-cu illərdə nəql ediləcək".
Azərbaycan prezidenti Macarıstanın baş nazirini Azərbaycana səfərə dəvət edib.