"Reket"lik edən azərbaycanlı 3 qat dünya çempionuna ağır cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamına hədə-qorxu gələrək külli miqdarda pul tələb edən Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini Vaqif İbadovun məhkəməsi başa çatıb. Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Saday İsmayılov 12 il 6 ay, Vaqif İbadov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. APA TV-nin məlumatına görə, Saday İsmayılov peşəkar idmançı, güləş üzrə üçqat dünya çempionudur. Vaqif İbadov isə əvvəllər daha bir neçə ağır cinayəti törətdiyi üçün məhkumluq həyatı yaşayıb. Qeyd edək ki, ötən il avqustun 9-da Saday İsmayılov tanışı Vaqif İbadovla birlikdə biznesmen Əli Məmmədovu hədələyərək 500 min manat tələb edib. Əli Məmmədov pul verməkdən imtina edib. Bu zaman o, Əli Məmmədovu maşında saxlayaraq tələbini davam etdirib. Bundan sonra Əli Məmmədov ona 120 min manat verməyə razılaşıb. Əli Məmmədov tanışı İmran adlı şəxsə zəng edərək 120 min manat gətizdirib. Həmin məbləği alan Saday İsmayılov qurbanını azad buraxıb. O, növbəti dəfə Əli Məmmədovu hədələyərək 150 min manat tələb edib.

Müəllif | Apa.Tv
Apa.tv