MSK sədrinin müavini: "Şikayətlər məsuliyyətlə araşdırılmalıdır"
“Seçki pozuntuları son nəticədə Avropa İnsan Hüquqları Məhkəməsinin predmeti olur, ona görə də məsuliyyətlə araşdırılmalıdır”.
APA TV-nin xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) Seçkilərlə bağlı müraciətlərin DSK nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr edilmiş seminar-müşavirədə çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov söyləyib: “Biz onların hüquqlarını və münasibətlərdəki rolumuzu bilməliyik. Seçki komissiyalarında seçki hüquqlarının pozulmaması, pozulmuş hüquqların bərpasında maraqlıyıq. Bizim xoşlamadığımız şikayət anlayışı var, ancaq hər bir halda şikayət insanların hüquqlarının qorunması, pozulmuş hüquqların aradan qaldırılması üçün təbii qəbul edilməlidir. Ancaq şikayətin olması hələ pozuntunun olması demək deyil. Ona görə də hər bir şikayət ətraflı araşdırılmalıdır. Şikayət arxivə atılmaq üçün deyil, hər bir şikayət mütləq araşdırılmalıdır. Şikayətlər seçki məntəqələrində seçki məntəqəsinin üzvləri, DSK-larda ekspert qrupları araşdırmalıdır”.
Azərbaycanda 5 milyon nəfərdən çox seçici olduğunu nəzərə çatdıran MSK sədrinin müavini bildirib ki, Azərbaycan bu gün seçicilərinin siyahısını internetdə yerləşdirən ölkələr sırasındadır. Onun sözlərinə görə, seçki komissiyaları 5 milyondan çox seçicinin hüquqlarının qorunmasına məsuldur.