Şirvanda yaşayış evi yanıb
Şirvanda 2 mərtəbəli fərdi yaşayış evində yanğın hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə saat 13.00 radələrində Şirvan şəhəri M.Əsədov küçəsi 22a küçəsində qeydə alınıb. Şirvan sakini, 1954-cü il təvəllüdlü Səmədova Fidurə Rza qızına məxsus 2 mərtəbəli, ümumi sahəsi 216 kvadratmetr olan evin 24 kvadratmetri yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və yaşayış evinin digər sahələrinə keçməsinin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Yanğından Mühafizə xidmətinin növbətçi hissəsindən verilən məlumata görə, yanğının yaşayış evinin mətbəx ərazisindən başladığı ehtimal olunur. Hadisə zamanı xəsarət alan olmasa da, ev sahibinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.