ABŞ-da “Erməni gücü” dəstəsinin rəhbərinə 32 illik həbs cəzası verilib

Los-Anceles (ABŞ) məhkəməsi “Erməni gücü” adlı cinayətkar qruplaşmanın sonuncu rəhbəri 39 yaşlı Mqer Darbinyanın barəsində hökm çıxarıb. 2011-ci ildə bu qrupun barəsində başlnmış cinayət işi üzrə şübhəli şəxs qismində 90 nəfər istintaqa cəlb edilib. Onlardan 87-si həbsdə, ikisi axtarışdadır, bir nəfərə qarşı cinayət işinə xitam verilib. APA TV-nin AzərTAc-a istinadən verdiyi xəbərə görə, "Hollivud Maykı" və "Kapone" ləqəbləri ilə məşhur olan Darbinyan 32 il müddətinə həbs cəzasına məhkum edilib.

 

Amerika şəhərlərindəki etnik kriminal qruplaşmaların çoxu kimi, “Erməni gücü” qruplaşması da əvvəlcə gənc immiqrantları ətrafdakı xuliqanlardan, adətən Latın Amerikasından olan cinayətkarlardan müdafiə etmək məqsədilə yaradılıb. Sonradan Rusiyada və Ermənistanda qanuni oğrularla əlaqələri olan və adam öldürməkdən, hədə-qorxu ilə pul qoparmaqdan başlamış, şəxsi məlumatların oğurlanmasına və kompüter dələduzluğuna qədər ən müxtəlif cinayətlər törədən kriminal təşkilata çevrilmiş bu qrupun təxminən 250 fəal üzvü olub. 1998-ci ilin iyul ayında Darbinyan Los-Ancelesdə soyğunçuluğa görə, 2005-ci ilin mart ayında isə oğurlanmış kredit kartından istifadə etməsinə görə məhkum edilib. 

Müəllif | Apa.Tv
Apa.tv