Şamaxıda “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonundakı Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Şamaxı rayonunda “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki maarifləndirmə tədbiri keçirilib. APA TV-nin xəbərinə görə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında təşkil olunan tədbirdə rayon mənzil-kommunal istismar sahələrinin, bələdiyyələrin, enerji təchizatı və satışı idarələrinin nümayəndələri, təhsil və səhiyyə işçiləri, müəllim və tələbələr iştirak ediblər.
Tədbirdə əvvəlcə nazirliyin fəaliyyəti haqqında videoçarx göstərilib. Sonra FHN-nin Şimal-Qərb Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Qoşqar Əzizov, nazirliyin Dövlət Yanğına Nəzarət Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyev, nazirliyin əməkdaşları təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmağın, özünə və digərlərinə necə kömək etməyin, ilkin tibbi yardım göstərməyin yolları barədə ətraflı məlumat veriblər. Tədbirdə payız-qış mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən də danışılıb.
FHN-nin Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən müəllim və tələbələr zəlzələ zamanı davranış qaydaları haqqında geniş təlimatlandırılıb. Hadisələr zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları izah olunub, təşkil edilən şərti zəlzələ zamanı zərərçəkənlərin binadan təxliyə qaydası və şərti yanğın zamanı yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib.