Azərbaycan və İran prezidentləri birgə bəyanatla çıxış ediblər

İran prezidenti Həsən Ruhani Azərbaycanda rəsmi səfərdədir. APA TV-nin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhanini qarşılayıb.

 

Daha sonra Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə və təkbətək görüşü olub. Ardınca Azərbaycan vəİran arasında sənədlərin imzalanması mərasimi olub. Daha sonra prezidentlər mətbuata birgə bəyanatla çıxış ediblər. İran-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi deyən prezident İlham Əliyev hər iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyini qeyd edib. İlham Əliyev iqtisadi sahədə gözəl imkanların olduğunu vurğulayıb: “Hökumətlərarası birgə komissiya fəal işləyir. Biz bu gün energetika sahəsində əməkdaşlığı müzakirə etdik. Neft-qaz, elektrik enerjisi, qaz mübadiləsi sahələrində çox böyük imkanlar var. Artıq bir neçə layihə icra edilib. Yeni layihələrin icra edilməsi də gözlənilir. Eyni zamanda, biz bu gün nəqliyyatla bağlı məsələləri geniş müzakirə etdik. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hər iki tərəfin marağındadır. Biz bu önəmli layihənin həyata keçirilməsində fəal iştirak edirik, öz səylərimizi qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir”.

 

Azərbaycan prezidenti ölkəmiz üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin  həllində İranın dəstəyinin həmişə hiss olunduğunu qeyd edib: “Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu erməni silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı dörd qətnamə qəbul edib ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Əcdadlarımızın qəbirləri, məscidlərimiz erməni quldur dəstələri tərəfindən dağıdılıb”.

 

Onun sözlərinə görə, münaqişənin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bölgəyə sülh gətirəcək.

 

İran prezidenti Həsən Ruhani də Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həll olunası məsələ olmadığını bildirib. O, İranın bu istiqamətdə bütün köməyi göstərməyi öz vəzifəsi hesab etdiyini və bunu etməyə hazır olduğunu qeyd edib: “Biz Qarabağın bugünkü vəziyyətini bəyənmirik. İstəyirik ki, bu bölgədə ədalət olsun. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Bilirik ki, Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır. Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq. Biz Azərbaycanı bütün beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və digər təşkilatlarda həmişə müdafiə etmişik, dəstəkləmişik. Azərbaycan da uranın sülh məqsədləri üçün zənginləşdirilməsində, nüvə məsələsində İrana dəstək verib. İran ilə Azərbaycan dost ölkələrdir və dost ölkələr olaraq qalacaqlar”.

 

Həsən Ruhani qeyd edib ki, prezident İlham Əliyevin Tehrana səfəri ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edib. Onun sözlərinə görə, Azərbaycan və İran elə bir coğrafi mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər. Həsən Ruhani Xəzər dənizinin də hər iki millətin inkişafına öz töhfəsini verən dəniz olduğunu bildirib.

Müəllif | Apa.Tv
Apa.tv