Müdafiə Nazirliyi, FHN və DSX birgə təlimlərə başlayıb

Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələri ilə birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumatına görə, təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb.


Təlimlərdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsinə 5000 nəfərdən artıq şəxsi heyət, 40-dək döyüş gəmi və katerləri, raket və artilleriya qoşunlarının 58 qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək döyüş təyyarə və helikopterləri, Hava Hücumundan Müdafiə Qoşunlarının bilavasitə, qruplaşmanın hava hücumundan müdafiəsının təşkili məqsədilə 50-dək müxtəlif vasitələri, o cümlədən xüsusi təyinatlı qüvvələr cəlb edilib.
 

3 mərhələdə həyata keçiriləcək təlimlərin aktiv fazasında cəlb olunan bütün növ vasitələrdən döyüş atışları icra olunacaq. 
Təlimlər noyabrın 17-dək davam edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv