Bakıda internat məktəbində şagirdin döyülməsi ilə bağlı cinayət işinin icraatına xitam verilib
Bakıda internat məktəbində şagirdin döyülməsi ilə bağlı başlanılmış cinayət işinin icraatına xitam verilib. APA-nın məlumatına görə, bununla bağlı Bakı Şəhər Prokurorluğunda qərar qəbul edilib. Qərara əsasən, 2006-cı il təvəllüdlü Nahid Cavadovun Suraxanı rayonu ərazisində yerləşən 7 nömrəli xüsusi internat məktəbində döyülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələri ilə başlanan cinayət işinin icraatına xitam verilib. KIV-də və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbin Cavadov Nahid Zaur oğlunun məktəbin direktoru Afaqət Əsgərova tərəfindən döyülməsi və xəsarət alması barədə məlumatlar yayılmışdı. Aparılan araşdırmalar nəticəsində Nahid Cavadovun yıxılma nəticəsində xəsarət alması xüsusatı özü və bilavasitə bu hadisəni görən digər şəxslərin izahatları ilə təsdiq edilib. Sağlamlıq imkanı məhdud olan Nahid Cavadovun internat məktəbində xəsarət alması ilə bağlı toplanmış materialda Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcud olduğundan fakta görə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.