Nəqliyyat Nazirliyi: Parkomatlar avtobus və taksilərin fəaliyyətinə maneə törədir

"Paytaxtda quraşdırılan parkomatlar nəqliyyat vasitələrinin fəaliyyətinə böyük maneə törədir". Bu fikirləri APA TV-yə açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

 

“Nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş cibliklər mövcuddur. Lakin onların yerində mülki avtomobillər dayanır. Həmçinin avtobuslara, taksilərə imkan verilməməsi, parklanma ilə bağlı böyük çətinliklər yaşanır. Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri birbaşa avtobusların içinə girir. Onların fəaliyyətinə imkan vermir”.

 

Nazirlik rəsmisi onu da bildirib ki, yaranmış problemin aradan qaldırılması istiqamətində artıq aidiyyatı qurumlara rəsmi müraciət edilib.

 

“Artıq bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Yol Polisi İdarəsinə müraciət etmişik. Adı çəkilən qurumlar və Nəqliyyat Nazirliyində bu problemin həlli yolları müzakirə ediləcək. Çünki artıq uzun müddətdir ki, sakinlər və sürücülər tərəfindən çox sayda şikayətlər daxil olub”.

 

Yeni sistemin quraşdırılması həyata keçmədən əvvəl nazirlik tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə parklanma olan ərazilərin siyahısının verildiyini deyən Əmrah Cəfərov onu da bildirib ki, hazırda parkomatlar göstərilən siyahı üzrə qurulmadığından bu cür problemlər ortaya çıxıb. Qanuna əsasən, avtobus dayanacağı ilə parkomatların ara məsafəsi 40-50 metr olmalıdır, lakin bir sıra dayanacaqlarda bu məsafə 5-6 metr təşkil edir.

 

Qeyd edək ki, bu ilin sonuna kimi paytaxt küçələrində daha 1000 parkomatın quraşdırılması nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv