Gəncədə qadını öldürərək evini yandıran şəxslər tutulub - YENİLƏNİB

Gəncədə bir həftə amansızlıqla qətl törədən şəxslər tutulub. APA TV-nin xəbərinə görə, məlum olub ki, 47 yaşlı Pərvanə İsmayılovanı yandıraraq qətlə yetirənlər öz qonşularıdır. Saxlanılan şəxslərin başqa quldurluq əməlləri törətdiyi də məlum olub.

 

Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini Müqalib Abdıyev deyib ki, Baş Cinayət-Axtarış İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pərvanə İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib, evini yandırmış Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il sentyabrın 30-da Dilarə Qasımovanın evindən quldurluq yolu ilə qızıl əşyalar aparmaları da müəyyən edilib. Həmin əşyalar maddi sübut kimi istintaqa təqdim olunub.

 

Hadisə ilə bağlı digər zərərçəkən Dilarə Qasımova da ifadə verib: "Gördüm aynadan fənərlə içəri baxırlar. İstədim yerimdən qalxam. O anda qapı açıldı üstümə hücum etdilər. Əlləri ilə ağızımı tutub, qızılın yerini soruşdular, dedim".

 

Saxlanılan səxslər ilkin ifadələrində cinayəti törətdiklərini etiraf ediblər.

 

"Evlərində işləmişdim . Görüşüb ondan pulumu götürməyə gəlmişdim. Danışdıq telefonla , dedi ki, 20 manat verə bilər. İnternet klubda idim, gəldim evlərinə, qapını döydüm özü açdı. Evə girdim. Bir az acı və nalayiq sözlər dedi mənə ona görə də öldürdüm".

 

"Getdik evinə, mən evinə girəndə artıq qadının əli -qolu bağlı idi. Hazır idi hər şey. Girdim yarım saat axtarış apardım. Sonra çıxdım getdim, gecə saat 3-də xəbər tutdum ki, ev yanır. Evin kimin tərəfindən yandırılmasından xəbərim olmayıb".

 

Noyabrın 7-də Gəncədə Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib, 15 kvadrat metr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra evdə Pərvanə İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli