Polad Bülbüloğlu: “Yaxşısı budur, Ermənistan öz vəziyyətini düşünsün”

"Biz ərazi bütövlüyümüzü müdafiə edirik və bütün mümkün olan üsullarla, o cümlədən hərbi üsulla bu müdafiəni davam etdirəcəyik".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Kommersant" radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib və bu, heç kəsə sirr deyil: "Bizim kifayət qədər savadlı silahlı qüvvələrimiz var. İşğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə təcavüzə hər cür qarşı çıxacağıq. Biz Ermənistan tərəfindən edilən heç bir təhdiddən qorxmuruq. Yaxşısı budur, Ermənistan bu gün öz vəziyyətini düşünsün".

 

Səfir Ermənistan tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin hadisə baş verən yeri aktiv şəkildə atəşə tutması ilə bağlı bəyanatına münasibət bildirib: "Faktiki olaraq, başqa bir ölkə Azərbaycan ərazilərində hərbi təlimlər keçir. Siz necə təsəvvür edirsiniz ki, hər hansı bir ölkənin helikopteri Rusiya sərhədini keçir? Belə olan halda Rusiya qoşunları və sərhəd xidməti necə davranardı? Sizə Koreyanın "Boeing" təyyarəsi ilə hağlı baş verən hadisəni xatırlada bilərəm".

 

ATƏT-in baş verən hadisə ilə bağlı narahatlığını ifadə etməsinə səfir belə cavab verib: "ATƏT-i ilk növbədə Azərbaycandakı məcburi köçkünlər narahat etməlidir. Onların hüquqları hər kəs tərəfindən pozulub. 200 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olunub. ATƏT narahat olsun ki, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı BMT TŞ-nin və Baş Assambleyanın qətnamələri yerinə yetirilmir".

 

“Kommersant” radiosunun qondarma “Dağlıq Qarabağ Respublikası”nın Moskvadakı nümayəndəsi adlandırdığı şəxsin açıqlamasını efirə verməsinə münasibət bildirən səfir belə bir nüfuzlu kanalın həmin şəxsə efir verməsinin Azərbaycan tərəfində təəccüb doğurduğunu bildirib: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ hazırda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Sizdən xahiş edirəm ki, gələcəkdə redaksiya siyasətinizi dövlət siyasəti ilə uyğunlaşdırasınız. Çünki ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın dövlət siyasəti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımamaqdır".

 

Səfirin sözlərinə görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi notasında göstərilir ki, Rusiya Dağlıq Qarabağı respublika kimi tanımır və Dağlıq Qarabağın Rusiya ərazisində heç bir nümayəndəliyi yoxdur.

 

Müəllif | Apa.Tv