Azərbaycan MN: vurulan helikopter Ermənistan Silahlı Qüvvələrinin helikopter bazasına məxsusdur

Müdafiə Nazirliyi cəbhə bölgəsində vurulan helikopterlə bağlı növbəti açıqlamasını yayıb. APA TV-nin xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin Ağdam rayonu istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizi atəşə tutan Mi-24 döyüş helikopterinin vurulması ilə əlaqədar yaydığı xəbərlərə cavab olaraq Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.

 

Ermənistan Mi-24 döyüş helikopterini və həlak olan hərbi qulluqçuları qondarma Dağlıq Qarabağın hərbi qulluqçuları kimi təqdim etməyə çalışsa da, ekipaj komandiri mayor Sergey Saakyan Yerevan şəhərində anadan olub, 15-ci helikopter bazasında, 32822 saylı hərbi hissədə xidmət edirmiş, ailəlidir. Ermənistan Hərbi Hava Qüvvələrinin zabitidir.
 

Baş leytenant Sarkis Nazaryan Hərbi Aviasiya məktəbini bitirib, Ermənistan Hərbi Hava Qüvvələrinin döyüş helikopterlərində ekipaj üzvü kimi xidmət edib.
 

Ekipajın digər üzvü leytenant Azat Saakyan Yerevan şəhərində yaşayıb, Ermənistan Hərbi Hava Qüvvələrində xidmət edirmiş, hərbi pilotdur.
 

Müəllif | Apa.Tv
Apa.tv