Qazax sakini keçmiş arvadını və qayınanasını bıçaqlayıb
Qazaxda keçmiş kürəkən arvadı ilə qayınanasını bıçaqlayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Aslanbəyli kəndində qeydə alınıb. Kürəkən tərəfindən bıçaq yaraları alan ana və qızı Qazax rayon Diaqnostika Mərkəzinə çatdırılıblar. Xəsarət alanlar 59 yaşlı Güləbatın İsmayılova və onun qızı 25 yaşlı Aybəniz İsmayılovadır. Onların bildirdiyinə görə, evə qəfil daxil olan keçmiş kürəkən Teymur Eminov Aybənizə tərəf gələrək ona, "sən məndən boşana bilməzsən" deyib.Bildirilir ki, Aybəniz Teymurdan 4 ay əvvəl rəsmi qaydada boşanıb. Teymur əvvəlcə Aybənizin saçlarından tutaraq onu öldürəcəyini deyərək evdə sürüyüb. Onları ayırmaq üçün köməyə gələn Güləbatın İsmayılova başından bıçaqla vurulub. Daha sonra Teymur həyat yoldaşına yaxınlaşaraq, onun boyun nahiyəsindən bıçaq xəsarəti yetirib: "Yoldaşım dedi ki, məndən boşanmağa ixtiyarın yoxdur. Məni içəridən sürüyə-sürüyə çölə çıxardı. Onda anam evində idim. 8 ildir, ailə həyatı qurmuşam".
Dəfələrlə qızına işgəncələr verildiyini deyən ana bu səbəbdən qızının boşandığını söyləyib. Söhbət zamanı ailənin yaxınları bildirib ki, Teymur keçmiş arvadının əl qolunu bağlayaraq saçını da kəsib: "Yaxşı ki, qızım evdən çölə çıxdı. Yoxsa elə içəridə qıracaqdı hamımızı. Qızım təzə boşanıb. O da deyir niyə boşanırsan? Qızı tutdu döydü, sonra da uşaqların gözünün qarşısında saçını kəsdi. Uşaqları da götürdü yerə çırpdı. Bıçağı maşının içindən götürdü. Aralanıb gedəndən sonra dedi ki, bu hələ harasıdır, evinizə qumbara da atacağam".
Baş vermiş faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.