APA və "APA-nın dostları" futbol meydançasında qarşılaşdı - 5:5
APA informasiya agentliyinin yaranmasının 10-cu ildönümü münasibətilə futbol oyunu keçirilib. APA TV-nin məlumatına görə, APA-nın kollektivi ilə "APA-nın dostları" komandası qarşılaşıb.
Oyunda APA-nın əməkdaşları ilə yanaşı, Türkiyənin tanınmış futbol mütəxəssisi, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov, millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, "Trend" informasiya agentliyinin, telekanalların, "Qəbələ" futbol klubunun və Peşəkar Futbol Liqasının nümayəndələri də iştirak ediblər.
Qarılaşmanı AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov idarə edib.
Oyuna "APA-nın dostları" fəal başlayıblar. İlk qol da onlardan gəlib. Çox keçmədən APA-nın futbol komandası hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissə qollarla daha zəngin olub. "APA-nın dostları" bir-birinin ardınca üç qol vurublar və 4:1 hesabı ilə irəli çıxıblar. Bundan sonra APA-çılar hücumları artırsalar da, bir neçə real qol vəziyyətindən yararlana bilməyiblər: ya zərbələr qeyri-dəqiq olub, ya da rəqibi qapı dirəyi xilas edib.
APA-nın komandası istəyinə penalti ilə çatıb.
Bundan sonra APA-çılar daha iki dəfə fərqləniblər və hesab bərabərləşib. Amma "APA-nın dostları"yenə hesabda irəli çıxıblar. Sonuncu dəqiqədə APA-nın komandası bərabərlik qolunu vurub və qarşılaşma 5:5 hesabı ilə başa çatıb.
Daha sonra APA İnformasiya Agentliyinin baş direktoru, “APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev iştirakçılara minnətdarlığını bildirib.
Nurşən Quliyev komandaların kapitanları - Oğuz Çətin və Tərlan Əhmədova mükafat verib.
"Xəzər Lənkəran", "Qəbələ" futbol klublar və Peşəkar Futbol Liqasının təmsilçiləri də APA-nın 10 illiyi münasibətilə hədiyyələri təqdim ediblər.