Bölgələrdə Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbirlər keçirilib

Quba və Xaçmazda Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Quba Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin, rayon Ağsaqallar Şurasının və müxtəlif dini icmaların nümayəndələri müxtəlif mövzular ətrafında çıxışlar edib.  AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru İsaxan Vəliyev bildirib ki, ölkəmizin dünyada tolerant ölkə kimi tanınmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə də milli mənəvi dəyərlərimiz, Azərbaycanın bütün dünyada tolerant ölkə olması ilə bağlı maraqlı fikirlər səsləndirilib.

 

Analoji tədbir Lənkəran şəhərindəki Gənclər Mərkəzində də keçirilib. Dəyirmi masada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, dinşünas alim Nəriman Qasımzadənin məruzəsi dinlənilib. UNESKO tərəfindən təsis edilən Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar ölkəmizin dörd bölgəsində “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda dəyirmi masaların keçirildiyini bildirən natiq belə tədbirlərin əsas məqsədinin etnik qrupların vahid Azərbaycan dövlətində bərabərhüquqlu vətəndaşlar kimi yaşamasını, Konstitusiyada təsbit edilən insan hüquq və azadlıqlarının daim qorunmasını bir daha sübuta yetirməkdən və müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv