Gürcüstanın sabiq naziri Londonda müəmmalı şəkildə ölüb
Gürcüstanın sabiq iqtisadiyyat naziri, ölkədə iqtisadi islahatların müəllifi, 58 yaşlı Kaxa Bendukidze dünyasını dəyişib. APA TV Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Bendukidzenin London mehmanxanalarından birində ürək tutmasından öldüyü deyilir. Onun İsveçrədə kardioloji klinikada müalicə aldığı bildirilir. Kaxa Bendukidze Rusiyada 1990-cı illərdə bizneslə məşğul olub. O, “Birləşmiş maşınqayırma zavodları” şirkətinin əsasını qoyub. Sabiq nazir 2004-cü ilə qədər Rusiya Sənaye Sahibkarları İttifaqının vitse-prezidenti olub və “Qızılgül inqilabı”ından" sonra Gürcüstana qayıdıb. Bendukidze 2004-2008-ci illərdə Gürcüstan hökumətində iqtisadi islahatlar üzrə nazir və iqtisadiyyat naziri işləyib. Bu vaxt ərzində Gürcüstan biznesin idarə edilməsinin yüngüllüyü üzrə dünyanın ölkələrinin birinci iyirmiliyinə daxil olub. O, Ukrayna prezidenti Viktor Yanukoviçin hakimiyyətdən kənar edilməsindən sonra Kiyevə gedib. Ukraynada isə Bendukidze prezident Pyotr Poroşenkonun məsləhətçisi təyin olunmuşdu.