Bakıda qadının çantasını oğurlayan avtobus sürücüsü tutulub

Yasamal RPİ-nin əməkdaşları  Bakıda avtobus sürücüsünü saxlayıblar. APA TV-nin xəbərinə görə, saxlanılan Ağdaş rayon sakini Fərid Yəhyayevdir. 142 saylı xətt üzrə hərəkət edən avtobusun sürücüsünü polis əməkdaşları sonuncu dayanacaqda sərnişinləri düşürdükdən sonra şübhəli şəxs qismində saxlayaraq bölməyə gətiriblər.

 

Tutulan şəxs cinayət əməlini etiraf etməyib: "Bəlkə kiminləsə məni səhv salır, kiməsə oxşadır".

 

O, Səbzə Nəbiyevanın polisə şikayəti əsasında tutulub. Qadın şikayətində bildirib ki, 1 həftə əvvəl avtobusdan düşüb evinə gedərkən arxasınca düşən şəxs onun əlindən çantasını alaraq qaçıb. Şikayətçi saxlanılan şəxsi Polis İdarəsində tanıyıb.

 

İstintaqla müəyyən olunub ki, müvəqqəti olaraq, Qaradağ rayon ərazisində  yaşayan i Fərid Yəhyayev eyni zamanda 109 saylı marşrutda sürücü köməkçisi də işləyir. Hadisəni də həmin avtobusda işlədiyi gün törədib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv