Zaqatalada regional “Açıq qapı günü”- vətəndaş forumu keçirilib
Dövlət Sosial Müdafiə Fondu Zaqatalada regional “Açıq qapı günü”- vətəndaş forumu keçirib. APA TV-nin məlumatına görə, “Fərdi uçot sistemində fəal iştirakınız etibarlı pensiya təminatınızdır” adlı tədbirdə Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib. Regional tədbirdə çıxış edən fondun şöbə müdiri Məmməd Nuriyev bildirib ki, hazırda respublikada əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Bununla bağlı işləyənlər işəğötürənlərlə əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar.
Qeyd olunub ki, bu ilin 1 noyabrına olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 220 585 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 8,2 faiz artıb. Bununla da Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon 912 minə yüksəlib. Forumda ölkədə pensiya ödənişlərinin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət edəcək 800-ə yaxın yeni bankomatın qurulması, “Pensiya+”xidməti, habelə fondun təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib.