Zaqatalada baş verən qəzada bir ailənin 3 üzvü yaralanıb
Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb. APA TV-nin Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 134-cü kilometrliyində qeydə alınıb. Zaqatala rayon sakini, 1980-cı il təvəllüdlü Məmmədov Telman Sabir oğlunun idarə etdiyi “VAZ-21102” markalı avtomobil Balakən rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala rayon sakini Məmmədov Etibar Məhəmməd oğlunun idarə etdiyi “Toyota-Prado” markalı maşınla toqquşub.
Nəticədə “VAZ-21102”in sürücüsü və avtomobildə olan sərnişinlər, sürücünün valideynləri, 1957-ci il təvəllüdlü Məmmədov Sabir Abdurahman oğlu və 1958-ci il təvəllüdlü Məmmədova Zərqələm aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlər yaralıların vəziyyətini orta ağır qiymətləndirir.Hadisənin dəqiq təfərrüatları aparılan araşdırmalardan sonra bəlli olacaq.